KİV mükafat haqqında
02.04.2013
Pərvin Nurəliyeva: “İndi mən daha iddialıyam”
Müsahibim ədəbi mühitdə təzə-təzə tanınmağa başlayan gənc yazar Pərvin Nurəliyevadır.

Pərvin Ələmdar qızı Nurəliyeva Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini, 2012-ci ildə həmin universitetin Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistratura pilləsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2011-ci ildə Gənclər və İdman Nazirliyinin “Gənclər” mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin məzunudur. Mətbuatda esse, hekayə, publisistik məqalə və ədəbi müsahibələri ilə çıxış edir.

Yazıçılar Birliyi və “Təhsil” nəşriyyatının birgə layihəsi olan “Müəllifin ilk kitabı” seriyasından “Qar yağacaq” kitabı çap olunub.

- Pərvin xanım, ilk növbədə ədəbiyyata gəlişindən danışmağını istərdik...
- Təbii ki, yaradıcılığa başlamazdan öncə mənim ədəbi zövqüm formalaşıb. Hər bir ədəbi zövqün isə özünün formalaşma mühiti olur. Ailəmizin Bakı kəndlərinin birində bağ evi vardı. Atam həftə boyu işləyirdi, həftənin sonunda isə o bağa yığışırdıq. Abşeron axşamları atamla söhbətdə keçirdi. O, məni daim dünya ədəbiyyatını oxumağa, böyük ədəbi aləmlə təmasda olmağa sövq edirdi. Fikrimcə, mənim artıq formalaşmış dünyagörüşümdə atamın rolu böyükdür. Zaman keçdikcə bağ evində, atamla söhbətlərdə qoyulmuş təməl inkişaf etməyə başladı. Atamın həm də zəngin kitabxanası vardı. Daim o kitabları mütaliə edirdim. Vaxt ötdü, hansısa bir məqamda hiss elədim ki, gördüyüm hadisələri, başıma gələnləri, yaşantılarımı qələmə almaq duyğusu mənimlədir. Sonralar bu ehtiyac daha da gücləndi. Halbuki ilk yazılarımı orta məktəb dövründə yazmışdım. Gündəlik xarakterli yazılar idi.

- Uşaqlıqdan düşünürdünmü ki, nə vaxtsa yazıçı olmaq iddiasına düşəcəksən?
- Yazıçı olmaq kimi böyük bir iddia və ya məqsədlə yaşadığımı desəm, düz çıxmaz. Əsla belə olmayıb. Amma uşaqlıqdan düşünürdüm ki, arzu-istəklərimi, hiss və duyğularımı, görüb müşahidə elədiklərimi qələmə alacam. Bunun üçün geniş bir auditoriyaya çıxmalı olduğumu, tanınmaq lazım gəldiyini eynimə almazdım... Çox vaxt yazılarımı bitirəndən sonra gizlədirdim. Valideynlərim mənim danışığımdan, mülahizələrimdən hiss edirdilər ki, məndə hansısa bir istedad var. Çap olunmağımı, geniş auditoriyaya çıxmağımı daha çox onlar istəyirdilər. Mənə isə yazıçı həyatı bir az fəqrli gəlirdi.

- Bəlkə özünə güvənmirdin, yaxud yaradıcılığına tənqidi yanaşırdın?
- Özümə həmişə güvənmişəm, amma yazılarıma tənqidi yanaşmağı da bacarmışam. Bir-iki kitabı çıxmış adamın həm özünə, həm də ətrafına yuxarıdan aşağı baxmasını, özünütənqid hissindən uzaq düşməsini xəstəlik sayıram. Mən təvazökarlıq duyğusunu qoruyub saxlamağa çalışıram. Adətən, tanınmış yazıçıların əsərlərini oxuyandan sonra düşünürəm ki, görəsən, nə zamansa mən də belə yaza bilərəm? Bu fikirlər insanı durmadan çalışmağa sövq edir. Beləcə, ədəbiyyata, yazmağa maraq məni əvvəl filologiya fakültəsinə gətirib çıxardı, ardınca da Gənc Ədiblər Məktəbinə gəldim, oranın məzunu oldum.

- Yaradıcılığında Gənc Ədiblər Məktəbi hansı rolu oynadı?
- Artıq yazılarımla bağlı Azərbaycan Yazıçılar Birliyinə gediş-gəlişim var idi. 2008-ci ildə Gənc Ədiblər Məktəbi yarandı, mən də onun məzunlarından biri oldum. Bu məktəb mənim yazı-pozumda mühüm rol oynadı. Əvvəllər yazılarımın çapını düşünmürdüm, üzə çıxartmağa tərəddüd edirdimsə, bu məktəbə gələndən sonra fikrim dəyişdi. Burda eyni düşüncəni paylaşan insanlarla tanış oldum, müzakirələr apardıq. Bizə ustad dərsləri keçildi. Yavaş-yavaş geniş ədəbi arenaya çıxmağa başladım.

Gənc Ədiblər Məktəbinin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məciddir. O da bəyəndiyi əsərləri “525-ci qəzet”də çap edirdi. Mənim yazılarım da orada çap olunurdu. Təbii ki, ilk başda hamı bir az xam olur, püxtələşməmiş yazır, amma mən öz üzərimdə zamana uyğun çalışmağa başladım. Qısa müddətdə Azərbaycan Yazıçılar Birliyi ilə “Təhsil” nəşriyyatının birgə layihəsi olan “Müəllifin ilk kitabı” seriyasından “Qar yağacaq” adlı kitabım nəşr olundu.

- Hazırda müəllimə kimi çalışırsan, eyni zamanda jurnalist və yazar kimi də fəaliyyətdəsən. Bunlardan hansı Pərvinə daha yaxındır?
- Uşaqlıq arzularımdan biri də müəllimə olmaq idi. Böyüdükcə bu istəyim şiddətləndi. Amma yazılarım çap olunandan sonra yaxın ətrafımdan xoş sözlər eşitdim və düşündüm ki, yaradıcılıqla müəllimliyi paralel apara bilərəm. Nəinki bir-birinə mane olur, əksinə, biri o birisini tamamlayır. Tələbələrim bəzən mənim obrazlarıma da çevrilirlər...

- Bir gənc yazar kimi gənc xanımların hansı problemləri sənin yaradıcılığına impuls verir?
- İlk kitabıma doqquz hekayə, bir kinopovest daxildir. Bacardıqca gənc xanımların dünyasını yazılarıma gətirməyə çalışıram. Ümumiyyətlə, həyatda baş verən pis-yaxşı hər hadisədə, problemdə mütləq dəyərli nəsə tapmaq olar. Nikbin sonluqla yazmaq istəyirəm, bəzi bədbin yazar həmkarkarımdan fərqli olaraq. “Qar yağacaq” hekayəmdə bir qızın psixoloji durumunu təsvir eləməyə çalışmışam. “Gucci Fatoş” hekayəsində əhatəsindəki hadisələrdən, disharmoniyadan bezmiş bir qızın üsyanını vərəqlərə köçürmüşəm. “Şərq şirniyyatı” hekayəsində yaxşı bir ailənin gəlini olmaq istəyən gənc qızın arzuları var. Amma sonda tamam fərqli bir müstəvidə görünür. “Balerina” kinopovesti isə gənc bir qızın həyat və arzularının puç olmasından bəhs edir.

- Yazılarının xarici ölkələrə çıxışı hansı səviyyədədir?
- Bir çox xarici ölkələrdə yazılarım çap olunub. Həmçinin əcnəbi ölkələrdə keçirilən forum və simpoziumlara qatılmışam. İlk olaraq Moskvada keçirilən beynəlxalq forumda oldum. Orada Azərbaycan ədəbiyyatına marağı hiss etdim. Mənim əsərlərimi də almanaxa daxil etdilər. Sonra rusca çıxan bir neçə qəzetdə çap olundum.
Litvada başqa bir ədəbi tədbirdə iştirak etdim, orada da hekayəm litva dilinə tərcümə olunaraq nəşr edildi. Hamısını saya bilmirəm, amma yazılarım bir neçə ölkədə almanaxlara salınıb, qəzetlərdə işıq üzü görüb.

- Yaşına görə həmkarlarından fərqli kifayət qədər uğurun var...
- Deməzdim həmkarlarımdan fərqli böyük uğurlarım var... Bəlkə də fərqim odur ki, özümdən çox narazıyam. Nüfuzlu “525-ci qəzet”də çalışıram. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, müəlliməyəm. Bunların hamısına baxmayaraq, mənim xeyli arzularım və görüləsi işlərim var. Yazıçılıqda böyük işlər görmüşəm deyə bir duyğuyla yaşasam, demək, mən bədbəxt adamam. Ətrafımdakı dostlarıma, yaxınlarıma da deyirəm: Əgər uğurlarımın hamısını özümün təkbaşına elədiyimi iddia etsəm, bu, mənim bədbəxtliyim olar. İlk növbədə bu, Allahın lütfüdür, bu istedadı o mənə verib. Sonra valideynlərimə, müəllimlərimə və qarşıma çıxan yaxşı insanlara və düşdüyüm mühitə borcluyam.

- Müasir dövrün gəncləri sosial şəbəkələrə diqqət göstərir, sən isə heç bir sosial şəbəkədə yoxsan. Səbəb nədir?
- Mən informasiya texnologiyalarının verdiyi imkanlardan istifadə qaydalarını bilirəm. Amma sosial şəbəkələrə qoşulmamağım artıq yazıçı həyatı ilə yox, qadın xüsusiyyəti ilə bağlıdır. Qadın kimi qapalı və əlçatmaz olmağa çalışıram, bunu daha üstün hesab edirəm. İstəmirəm ki, kimsə arzuladığı an sosial şəbəkəyə daxil olub mənə məktub yaza bilsin. Mən sosial şəbəkə vasitəsilə oxucu qazanmaq istəmirəm.

- “Balerina” kinopovestin Milli Kitab Mükafatında “onluq”dadır. Belə deyək, qalibiyyətdən o qədər də uzaq deyilsən. Hətta “üçlüy”ə düşəcəyin ehtimalı da var. Bu haqda nə düşünürsən?
- Əvvəllər müsabiqələrə münasibətim başqa idi. Zamanla bir az dəyişdim. Milli Kitab Mükafatı ölkəmizdə ən nüfuzlu müsabiqələrdən biridir. Bu sayaq yarışlara qatılmamağıma səbəb söz-söhbətdən uzaq olmaq istəyim idi. Nəhayət, özümü sınamağı qərara aldım. “İyirmiliy”ə düşəndə çox həyəcanlandım, “onluq”da olanda artıq məsuliyyəti hiss etməyə başladım. İki yüzdən çox müəllifin arasında “onluğ”a düşmək mənim kimi gənc yazar üçün böyük uğurdur. Düşünürəm ki, qalib pilləsində dayanmaq gözəl olardı. Həm də indi çox iddialıyam.

- Publika.az saytının “Variasiya” layihəsində “Çarəsiz yalan” adlı hekayən oxuculara təqdim olunmuşdu. Qaydalara görə, hekayənin sonluğu yarımçıq saxlanır, digər müəlliflər onu tamamlamalıdrlar. Ən yaxşı davamçılar isə qalib sayılır. Artıq qalibləri seçmisən. Bəs hekayənə göstərilən maraq səni nə dərəcədə qane elədi?
- Bu, çox maraqlı layihədir. Hekayəmə olan maraqdan da razıyam. İki mindən artıq oxucunun hekayəmi oxuması yaxşı göstəricidir. Bu layihə başlayandan maraqla izləyirəm, amma iştirak etməyi düşünmürdüm. Bu aralarda yeni hekayəmi tamamlamışdım və bu layihənin rəhbəri olan Qulu Ağsəs də onu oxumuşdu. Layihədə iştirak təklif, ondan gəldi. İndi insanlara yazı oxutdurmaq çətin məsələdir, o baxımdan layihənin uğurlu olacağına əminəm.

- Yaradıcılıqda hansı yeniliklər var?
- İndi bir roman üzərində işləyirəm...

Könül Səid

Teleqraf.com
http://www.publika.az