KİV mükafat haqqında
29.03.2013
Mahir Qarayev: “Bəzi yazıçılar Azərbaycan dilində yazmağı və cümlə qurmağı bacarmırlar”
Milli Kitab Mükafatının eksperti Mahir Qarayev “Gündəlik Teleqraf” qəzetinin suallarını cavablandırıb.

- Mahir müəllim, gəlin söhbətə Milli Kitab Mükafatının “uzun siyahı”sından başlayaq. Bu siyahı elan olunandan sonra əsərlərini müsabiqəyə təqdim etmiş yazarlar siyahı ilə bağlı narazı açıqlamalar verdilər. Bununla bağlı hətta Milli Kitab Mükafatında Apelyasiya Şurası da yaradıldı. Şuranın iclası keçirildi, şikayətlər dinlənildi, amma “iyirmilik” dəyişmədi. Sizcə, yazarların şikayətləri əsassız idi?

- Əsassız demək olmaz buna... Həm də onların tam hüququ var ki, nəticədən narazı qalıblarsa, bizə təkrar müraciət etsinlər. Bir tərəfdən də hər bir yazara elə gəlir ki, onun əsəri təqdim olunanlar arasında ən yaxşısıdır və o, mütləq “iyirmiliy”ə, yaxud “onluğ”a düşməlidir. MKM-in təşkilatçısı Nigar Köçərli də şikayətləri, iddialari nəzərə alaraq, Apelyasiya Şurası yaratdı. Səbəb o idi ki, müsabiqə barədə heç kəsdə qaranlıq təəssürat qalmasın. Yazarlardan bir qrupu şuraya gəldi, biz onları dinlədik. Təbii, əminiydik, bilirdik ki, seçdiyimiz “iyirmiliy”in tərkibi ən düzgün variantdır. Amma Nigar xanım düşünürdü ki, ola bilsin, hansısa bir məqam diqqətdən yayınıb, yaxud kiməsə qarşı haqsızlıq olub. Şuraya gəlib iddialarını, narazılıqlarını çatdıranlar arasında təkcə gənclər yox, yaşlılar da var idi. Müzakirə zamanı aydın oldu ki, onların əsəri hansı səbəbdən keçməyib. Mən əvvəldən də bilirdim ki, siyahıda dəyişiklik olmayacaq. Çünki əsərləri tək bir ekspert oxumayıb ki, deyəsən, filan əsər diqqətdən yayına bilər. Beş ekspertin gözündən hər hansı əsərin yayınması ehtimalı sıfıra yaxındır.

- Apelyasiya Şurasında əsas müzakirə mövzusu ekspertlərin müsabiqəyə təqdim edilən əsərləri oxuyub-oxumaması oldu?

- Şikayətlə müraciət edənlərin özlərinə məlum oldu ki, onların əsərləri oxunub. Nəinki bir ekspertin, hətta hər birimizin oxuduğuna əmin oldular. O ki qaldı beş ekspertin o qədər əsəri oxuyub çatdırması məsələsinə, deyim ki, bizim özümüzün daxili qrafikimiz var. Bütün əsərlər təqdim edilib bitəndən sonra öz aramızda bölgü aparırıq. Hər kəs payına düşən otuz, ya qırx kitabı oxuyur. Biz o əsərləri oxumağa başlayanda artıq qüsurlar özünü büruzə verir. Hətta bəzi əsərlərin bir neçə səhifəsindən sonra artıq anlayırıq ki, onları başdan-ayağa oxumağa dəyməz, zay əsərlərdir. Yazanın yazıçılıq istedadı bir qırağa qalsın, elementar dili və cümlə qurmaq qabiliyyəti belə yoxdur. Hər bir ekspert öz payına düşən əsərlərdən beləcə çıxdaş eləyir. Tutaq ki, birinci mərhələdə mənə otuz, yaxud qırx əsər düşüb. Mən də ondan on, ya on beş əsər növbəti mərhələdə ekspertlərin ümumi müzakirəsi üçün ayırıram.
Müsabiqə iştirakçıları, deyəsən, bir məqamı yaxşı bilmirlər ki, təqdim olunan əsərlər, seçim prosesi yalnız “iyirmilik”dən ibarət deyil. Ona qədər bizim xeyli işimiz olur... Bir də baxırsan, biri deyir mənim əsərim niyə “iyirmilik”də yoxdur? Deyirəm, sənin əsərin tutaq ki, “otuzluğ”a gəlib çatıb, amma “iyirmiliy”ə keçməyib. Siz “iyirmiliy”ə düşməyi deyirsiniz, amma bir neçə gündən sonra onlardan da on nəfər “onluq”dan kənarda qalacaq. O ki qaldı vaxt məsələsinə, ekspertlərin əsərlərin hamısını oxuyub başa çatdırmasına zamanı yetir.

- Bəziləri əvvəlcədən düşünürdü ki, yazar Cavid Zeynallının əsəri “iyirmiliy”ə düşəcək. Amma əksinə oldu. Sizcə, Cavidin romanı hansı mənfi cəhətləri ilə “iyirmilik”də olan əsərlərdən fərqlənirdi?

- Mən əsərləri oxumağa elə onun romanından başladım. O, bizim istedadlı gənc yazarlardandır. Ötən müsabiqədə də iştirak etmişdi. Mən və Yaşar o zaman onun romanını layiqli əsər hesab edirdik və hətta “iyirmiliy”ə də keçmişdi. Amma bu il göndərdiyi əsər öz yaradıcılığı ilə müqayisədə, mən deyərdim ki, zəif idi. Bu il ilk olaraq onun əsərini oxudum ki, görüm bu il nə yazıb - mənə də maraqlı idi. Onun yaxşı yazıçı olacağına inamım var.

Xırda məsələləri nəzərə almasaq yaxşı əsərdir, amma bir az uzunçuluq var. Düşünürəm ki, bir az da tələskənlik edib. Əsər yaxşı başlanğıc götürür, yaxşı davam edir, amma müəyyən yerə çatanda Cavid özünü təkrarlamağa başlayır. Mən ondan ötən il yazdığı əsərdən daha yaxşısını gözləyirdim. Ötən il mənim seçimim Cavid Zeynallı və Kəramət Böyükçöl üzərində idi. Bu il isə Şəhriyar Del Gerani və Pərvin Nurəliyevanın üzərində cəmləşdi.

- Ümumiyyətlə, bu il Milli Kitab Mükafatına təqdim olunan əsərlərin səviyyəsi haqqında nə deyə bilərsiniz? Sizcə, əsərlərdə ən qabarıq qüsurlar hansılar idi?

- Mən artıq üçüncü ildir Milli Kitab Mükafatında ekspert kimi təmsil olunuram. Ona görə də təzə yazılan və müsabiqəyə təqdim olunan bütün əsərləri izləmək imkanı qazanıram. Müsabiqəyə təqdim edilən əsərlər ildən-ilə zəifləyir. Ən yaxşı əsərlər ilk müsabiqənin payına düşdü. İkinci müsabiqə bir az ondan zəif idi. Bu ilki səviyyə isə hər iki müsabiqədən xeyli aşağı oldu. Bu, mənimçün ona görə kədərlidir ki, müsabiqələr yazara, kitaba marağı artırmağa xidmət etməlidir. Ədəbiyyatın səviyyəsini qaldırmağa gətirib çıxarmalıdır. Ancaq təəssüf ki, əks-nəticə müşahidə olunur.
Əsərlərdə ən qabarıq qüsurlardan biri, mənim fikrimcə, dillə bağlıdır. Bu, Milli Kitab Mükafatıdır, müsabiqədə millilik mühüm faktordur. Biz yazar olaraq hamımız hadisələri görür, müşahidə edir və tapırıq. Əsas məsələ o mövzunu təqdim etməkdir. Bu gün ədəbiyyatımızda ən bərbad məsələ əsərlərin dilidir. Bu, təkcə cavan yazarlara yox, artıq beş, ya on kitabı çıxmış təcrübəli yazıçılara da aiddir. Bizim yazıçıların əksəriyyəti Azərbaycan dilində yazmağı və cümlə qurmağı bacarmırlar. Bir də dialoq qura bilmirlər. Bu da çox kədərli haldır.

- Maraqlı bir məqama toxundunuz. Belə çıxır ki, müsabiqələr çoxaldıqca yazarların sayı artır, iddialar böyüyür, keyfiyyət isə enir... Əsər axını keyfiyyəti üstələyir. Hətta deyirlər ki, müsabiqə üçün yazılan əsərlər də var...

- Mən sizə bir sirr açım. Bizə daxil olan əsərlərin içərisində elə romanlar vardı, müəllif əsərin içində qeyd edir ki, bunu müsabiqə üçün yazıb. Bir şeyin çoxluğu adətən ucuzluğa aparıb çıxarır. Bu da necə deyərlər, keyfiyyətsiz istehsal deməkdir.
Əvvəllər yazarlar çap üçün növbəyə dururdular. Onda əsərlər ələnir, seçilir və çap olunurdu. İndi vəziyyət başqadır - yayım və ya çap imkanı böyükdür. Belə vəziyyətdə yazıçı hər yazısını dərhal oxucunun ixtiyarına təqdim eləmək fikrinə düşür. Çap eşqi, təqdim eləmək həvəsi yazmaq eşqini üstələyir. Bəzən heç redaktəyə də ehtiyac görmürlər. Diqqətli oxucunun nəzərindən bunlar yayınmır. Amma oxucunun yaddaşında ciddi yazıçıların təcrübəsi var. Bilir ki, tutalım, Dostoyevski əsəri belə yazmırdı. Yaxud Anarın, Elçinin dilə, bədii əsərə münasibəti tamam fərqlidir.
İndi müsabiqələrin sayı artdıqca, hədiyyə, mükafat, ad almaq imkanı asanlaşdıqca yazıçılar şirniklənirlər. Kəmiyyət çoxalır, keyfiyyətə təsir edir. Hətta biz - MKM-in ekspertləri çox insafla davrandıq, bəzi romanlardan parçaları saytlara təqdim etmədik. Təqdim eləsəydik, biabırçı dillə yazılmış yazıları hamı oxuyacaqdı.
Bir də roman yazmaq o qədər də asan deyil. Bu sözüm daha çox gənclərə aiddir. İstənilən mövzunu, janrı seçməkdə təbii ki, onlar azaddırlar, amma roman yazmaq çox məsuliyyətli məsələdir. İlk növbədə düşünməlidirlər ki, buna gücü, enerjisi və savadı varmı? Ən azından məşhur romanları oxuyub müəyyən bir bazaya malik olmaq lazımdır. Onda təcrübə özü sənə deyəcək ki, roman yazmağa hazırsan, ya yox...

- Bəlkə, müsabiqə təşkilatçıları qəbul şərtlərində dəyişiklik etsinlər, şərtləri çətinləşdirsinlər, yaxud nəsə başqa kriteriyalar tətbiq olunsun, onda axın bir az dayanar?

- Bu məsələdə sizinlə razıyam. Bunu biz öz aramızda müzakirə eləmişik. Yaşar, Zahir Əzəmət və mən artıq üç ildir MKM-də ekspert kimi təmsil olunuruq. Nigar Köçərlinin təşkilatçı bir rəhbər kimi o cəhəti yaxşıdır ki, bütün təkliflərə açıqdır. Mən də o fikirdəyəm ki, bir az konkretləşdirmək lazımdır bəzi məsələləri. Biz ümumi yolları düşünürük, yəqin ki, növbəti müsabiqədə bunların hamısı nəzərə alınacaq.

- Qısa siyahını necə şərh edə bilərsiniz?

- “İyirmiliy”i də, “onluğ”u da biz seçmişik. Ona görə də əlavə nəsə deməyə ehtiyac görmürəm.

- Müsabiqənin potensial qalibləri haqda fikriniz necədir? İlk üçlüyü necə görürsünüz?

- Hər bir ekspertin təbii ki, ürəyində müəyyənləşdirdiyi bir üçlük var. Hətta fikirlərimizi bir-birimizlə bölüşürük də. Amma bunları indidən demək münsifləri yönləndirmək kimi çıxar. Müsabiqə başa çatandan sonra deyərəm...

- Sonda nə demək istərdiniz?

- Sonda həm “iyirmiliy”ə, həm də “onluğ”a keçə bilməyən müəlliflərə demək istəyirəm ki, bu illə iş bitmir. Gələn il yenidən daha yaxşı əsər göndərə bilərlər. Dünya qurtarmır ki?

Könül Səid
http://gunteleqraf.az