Xəbərlər
03.10.2012
Milli Kitab Mükafatı Xaçmazda təqdim olundu
Oktyabrın 2-də Milli Kitab Mükafatının Xaçmaz şəhərində təqdimatı keçirildi. Görüş M. F. Axundov adında Mərkəz Kitabxanasında baş tutdu. Görüşdə MKM-in münsifləri Əkrəm Əylisli, Ayaz Salayev, Şahbaz Xuduoğlu və təşkilat komitəsi iştirak edib.

Görüşdə Xaçmazın ədəbi mühiti təmsil olunurdu. İştirak edənlər özlərinin yaradıcılıq nümünələrini səsləndirdilər.

Milli Kitab Mükafatı Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsidir.

Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir.

Əsərlər noyabrın 16-dək MKM-ə elektron (info@mkm.az) və ya poçt (Z. Tağıyev küç, 19) vasitəsi ilə çatdırılmalıdır. Martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyası), martın 15-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. Regionlarda və təhsil ocaqlarında MKM-in təqdimatları keçiriləcək. İyirmiliyə düşən əsərlərin BookClub müzakirələri, həm Bakıda, həm bölgələrdə. www.mkm.az saytında İnternet səsverməsi keçiriləcək. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.

Müsabiqədə hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunacaq. Hər bir əsər 40 min işarədən az olmalı deyil. Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşama yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir və bura həm dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir.
Layihə barədə bütün məlumatlar www.mkm.az internet səhifəsində öz əksini tapıb.