Xəbərlər
16.11.09
Press-reliz: Orxan Pamuk Milli Kitab Mükafatının təqdimedilmə mərasiminə dəvət olunub
16 noyabr, 2009, Bakı: Dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Orxan Pamuk gələn ilin yazında keçiriləcək Milli Kitab Mükafatının (MKM) təqdimolunma mərasiminə dəvət olunub. Bu barədə Bakı Slavyan Universitetinin tələbələri ilə keçirdiyi görüşdə MKM-in təsisçisi Nigar Köçərli bildirib.
Layihə barədə tələbələrə məlumat verən N.Köçərli gəncləri fəal olmağa, müsabiqədə yaxından iştirak etməyə səslədi: “Milli Kitab Mükafatına dövlət orqanlarından və nüfuzlu şirkətlərdən dəstək alaraq onu reallaşdırırıq. Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Azercell”, “Azərsun”, “Qarant Sığorta” şirkətləri layihənin icrasında bizə böyük dəstək verirlər. Layihənin əsas şərtlərindən biri odur ki, Azərbaycan vətəndaşları iştirak etməlidirlər. Vətəndaşlığı olmayan şəxslər isə mütləq Azərbaycan dilində yazmalıdırlar”.
Tədbirdə çıxış edən Münsiflər Heyətinin üzvü, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid bildirdi ki, Milli Kitab Mükafatının təsis olunması ədəbi ictimaiyyətdə geniş rezonans doğurub.
Daha sonra çıxış edən millət vəkili, yazıçı Vaqif Səmədoğlu da müsabiqənin əhəmiyyətindən danışdı: “Bizim xalq yazan xalqdır. Kimisi mənim kimi, kimisi də qəhrəmanım Moşu kimi yazır. Amma hamımızı bir sual narahat edir: sən nə üçün yazırsan? Düşünürəm ki, Milli Kitab Mükafatı bu suala cavab verir. Buna görə çox sevinirəm. Qaliblərə pul mükafatından başqa, yüz min manatlıq sığorta da olunacaq. Hər birimizin belə bir sığortaya ehtiyacımız var. Əgər münsiflər heyətində təmsil olunmasaydım məmnuniyyətlə yazımı müsabiqəyə təqdim edərdim”.
V.Səmədoğlu münsiflər barəsində mətbuatda səslənən fikirlərə də münasibət bildirdi: “Mən Qurana əl basıb deyə bilərəm ki, obyektiv olacam. Mən bəyəndiyim yazıya qiymət verəcəm. Münsiflər Heyətində ona görə çox adam olur ki, bu subyektiv rəylər toplansın və obyektiv qərar verilsin”.
Sonda tələbələrin sualları cavablandırıldı. Tədbirdə universitetin yaradıcılıq, jurnalistika və filologiya fakültələrinin tələbələri iştirak edirdilər
Layihəyə informasiya dəstəyini Day.Az, Disput.Az və 1news.az xəbər portalları, “525-ci qəzet”, “Zerkalo” və “Azərbaycan” qəzetləri, APA İnformasiya Agentliyi, Media FM radiosu verir.

Mükafatın münsiflər heyətində Azərbaycan Respublikasının Yazıçılar Birliyinin katibi və Pen-klubun sədri Çingiz Abdullayev, “Oskar” mükafatı laureatı, Kinomatoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Azərbaycan Respublikasının Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, yazıçı Vagif Səmədoğlu, millət vəkili Rəbiyyət Aslanova, yazıçı, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və “Muğam” radionun rəhbəri Elnur Baimov kimi nüfuzlu insanlar təmsil olunur.

Milli Kitab Mükafatının bütün respublikanı əhatə etməsi üçün Təşkilat Komitəsi və Münsiflər Heyəti tarixən ədəbi mərkəzlər sayılan Gəncə, Şamaxı, Naxçıvan, Lənkəran, Şəki və Quba şəhərlərində ətraf rayonlardan da dəvət olunacaq ziyalılarla və gənclərlə görüşlər keçirəcək və layihə barədə məlumat verəcəklər. Həmçinin Bakı Slavyan Universitetinin ardınca Bakı Dövlət Universiteti, N. Tusi adına Azərbaycan Pedaqoji Universiteti, Xarici Dillər Universiteti və digər ali məktəblərdə tələbələr qarşısında çıxış edəcəklər.

Namizəd əsərlər minimum 40 min çap işarəsi həcmində olmalıdır. Eyni zamanda Milli Kitab Mükafatının təqdimat günündən 10 il əvvəlki müddət ərzində yazılmış əsərlər Münsiflər Heyəti tərəfindən nəzərdən keçiriləcək. Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşama yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir və bura həm dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir.

Namizəd əsərlər 31 dekabr 2009-cu ilə qədər qəbul olunur. Yanvarın 26-da 20 əsərdən ibarət əsər elan ediləcək və Birinci yerin qalibinə 3,000 manat, ikinci yerin qalibinə 2,000 manat və üçüncü yerin qalibinə isə 1,000 manat həcmində mükafat veriləcək. Ən yaxşı 10 əsər dərc olunaraq dövlət kitabxanalarına və təhsil ocaqlarına paylanılacaq.

Gənclər və İdman Nazirliyi isə gənclər arasında ədəbiyyata marağı artırmaq və gənc yazarları dəstəkləmək məqsədilə 1,000 manat dəyərində öz mükafatını təsis edir. “Qarant Sığorta” şirkəti isə xüsusi mükafat elan edərək layihə dövründə sığorta mövzusunda ən maraqlı kiçik hekayə qalibinə 1,000 manat mükafat və mənzilinin 100,000 manat dəyərində sığortası hədiyyə edəcək.


Redaktorlar üçün: Milli Kitab Mükafatı ilə bağlı daha ətraflı məlumat üçün www.mkm.az internet səhifəsi və ya info@mkm.az elektron ünvanı vasitəsilə təşkilatçılara müraciət edə bilərsiniz.