Mass Media about Award
13.06.2013
Zakir Sadatlı: Dostların yaddaşında “Qağa” kimi qalmış yazar
“Bu dünyada olanlardan heç kim deyə bilməz ki, mənim Zakirdə nəyimsə qaldı”

Milli Kitab Mükafatının son qalibi “Əfqanıstan uçurumu” romanı ilə mərhum jurnalist-yazar Zakir Sadatlı oldu. Qalibin bu qələbəsində onun yaxın dostlarının da danılmaz payı var. Modern.az mərhum jurnalist-yazar haqqında Elbrus Ərud (“Qafqaz.info” xəbər portalının baş redaktoru), Zöhrab Əmirxanlı (müstəqil jurnalist), Qabil Ababsoğlu (“Lent.az” saytının baş direktoru) və Anar Niftəliyevin (müstəqil jurnalist), habelə Z. Sadatlının xanımı Zərəngiz Sadatlının həyat rəy və xatirələrini oxuculara çatdırır.

“Əfqanıstan uçurumu” haqda

Zöhrab Əmirxanlı: “Əfqanıstan uçurumu”nu oxumaq lazımdır. O qanla yazılmış bir əsərdir. Bütün düşüncələr o qədər İlahi bir dillə, rahat rəvan üslubda yazılıb...

Həyat yoldaşı Zərəngiz Sadatlı: “Zakir Sadatlının əsəri olduğu üçün demirəm. Həqiqətən də onun rəvan dili var və bir su içim kimi oxunur. Elə əsər var ki, məsələn, Heminqueyin və başqalarının əsəri onu ancaq bir həftəyə oxumaq olur. Əsərə giriş etmək olmur. Amma burda cümlələr nə qədər sadə olsa da bir o qədər də fəlsəfə ilə doludur. Çox dərin əsərdi.

Zöhrab Əmirxanlı: “Onun dili sadə deyil, sadəcə İlahi bir şeiriyyətlə yazılıb.

Elbrus Ərud: “Dünyada bu saat ən çox oxunan əsər “Çərpələng uçuran”dır. Orda bir dənə də olsun fəlsəfi cümlə yoxdu. Amma mən onu oxudum çökdüm. Bu əsər də onun kimi.

Zöhrab Əmirxanlı: “Kitabı hissə-hissə çap edən ərəfədə məndən soruşdu: “Qağa, görəsən bu əsərdən bir şey alınar? Dedim, Zakir, mən sənin dilinin bu qədər zəngin, bu qədər poetik olduğunu bilmirdim. Dedi ki, mən bunu böyük bir iş etmək istəyirəm, alınar? Cavab verdim ki, sinədanın doludusa, alınar...”

Zərəngiz Sadatlı: “Roman hissə-hissə dövri mətbuatda çox getdi. Amma kitab halına gəlməsində isə mən elə düşünürəm ki, Allah özü ona ömür verdi. Zakir peyğəmbər kimi bir insan idi. Allah da ona imkan verdi ki, 30 ildən sonra ruhunun ən böyük balasını ərsəyə gətirsin. Bundan sonra Allah onu uçurdu. Mən Allaha və ona stimul verənlərə çox təşəkkür edirəm. Özü də həmişə deyərdi ki, mən özümü şair hesab edirəm. Amma siz də təsdiq edərsiz ki, onun publisistikası da çox poetikdir”.

Qabil Abbasoğlu: “O kitabın bu cür səviyyəli redaktə olunmasında Anarın (Anar Niftəliyevin) çox böyük rolu var. Anara çox güvənirdi. Axşamlar mənə zəng vururdu, deyirdi yoldasansa, evə çat danışaq. Nə isə danışardıq. Bəlkə də bir saat. 3-4 dəfə məndən soruşardı: “Yormuram ki səni?” Anardan şikayət edirdi: “Məndən xəbərsiz kitabı aparıb verib”. Deyirdim ki, Anar, elə belə şey etməz də, mən danışaram onunla. Belə deyəndə yumşalırdı. Deyirdi, yox e, o da məni istədiyindən edib də. Fürsətdir, mən deyim borcdan çıxım. O kitabın o səviyyədə alınmasında Anarın xidmətləri böyükdür”.

Zakir Sadatlı yaradıcılığından söz düşərkən

Zöhrab Əmirxanlı: “Bəli, onun publisistikası poeziya idi. Mən onun “İraq olsun” əsərini oxudum. Dedim, ay Zakir, mənə çox-çox ayıb olsun ki, yüz illik dostumun dilinin bu qədər şirin olduğunu indi bildim. Sənin nə gözəl dilin var imiş?! Nə bilim, şükür Allahın məsləhətinə. Zakir təzə-təzə açılırdı. Adam var iyirmi yaşından başlayır yazmağa. Zakir 50 yaşında həvəslənmişdi. Onun Əziz Alpoudun əlyazmasının tərcüməsi 600 səhifədən çox idi. Onu Zakir sanki təzədən yazmışdı”.

Elbrus Ərud: “Təzədən yazmışdı deyəndə ki, onu elə özü yazmışdı”.

Zərəngiz Sadatlı: “Doğurdan da onu özü yazmışdı. Deyirdim ki, öz hesabına nəşr etdirəcəksən, bu sənə lazımdı? Deyirdi ki, əsər 61-ci ildə tamamlanıb, mən də bu ildə anadan olmuşam. Bir təsadüfə bax. Gör neçə illərdi ki, bu əlyazma yatıb. Əziz Alpoudun adı Cahangir bəy Kazımbəylinin məktubunda çəkilir. Həmin məktubu mətbəxdə tərcümə edirdi. Birdən dedi ki, a , çox maraqlı bir addır. Alpoud adı Azərbaycanın çox yerində var. Görəsən kimdir bu? Sonra bu barədə Cəmil müəllimdən, Musa müəllimdən soruşdu”.

Anar Niftəliyev: “Türkiyədə mükafat alanda o bir professorun vasitəsilə Əziz Alpoudun qızı ilə görüşmüşdü. Sonradan çox möhkəm dost oldular. Əlyazmasını ondan götürüb gəlmişdi”.

Zərəngiz Sadatlı: “Mən ona irad tuturdum ki, axı bizim maddi imkanımız o qədər yüksək deyil ki, sən onu öz şəxsi vəsaitin hesabına çap etdirəsən. Deyirdi ki, nədənsə ruhu ruhuma yaxındı”.

Zakir Sadatlının MKM-ə necə qatılması haqda

Anar Niftəliyev: “Düzdü, mən təkid etmişəm. Zakir çox fərqli insan idi. Siz gərək Zakiri tanıyaydız. O, tamam ayrı adam idi. Dəfələrlə bu barədə söhbət etdik... Həmişə deyirdi ki, Əfqanıstan barədə yazmaq mənim üçün çox çətindir. Yazmaq bir daha yaşamaq deməkdir. Amma Qulu Ağsəs çox təkid edirdi. Deyirdi ki, birinci yaz sonra tələsməzsən. Onsuz qəzet bir həftədən sonra çıxır. Gələn həftə istəsən yazarsan, istəsən boş buraxarsan. Gələn həftə gələndə Qulu yenə o sözləri deyirdi. Biz bilirdik ki, hər dəfə yazmaq Zakir üçün çox ağırdır. Amma onu da bilirdik ki, o roman mütləq yazılacaq. Hər dəfə yazanda yanında olmaq və ona stimul vermək lazımdı ki, Zakir başlaya bilsin. Roman hissə-hissə hardasa bir 2-3 il ayrı-ayrı qəzetlərdə getdi. Sonra hərəmiz bir tərəfə dağıldıq. Təxminən bir il bundan qabaq qərara gəldi ki, bu kitabı bitirməlidir.

Müsabiqəyə əsərin vermək istəmirdi. Zarafata dedim ki, iki əsərə redaktorluq etmişəm. Bir Pərvizin “Yad dildə” romanı bir də sənin kitabın. Bu da mənim taleyimdi. Kimə redaktorluq edirəmsə o qalib gəlir. Nəsə inandırdım bunu. Mən iyirmiliyi oxuyanda tam əmin idim ki, Zakir qalib gələcək. Heyf ki, onda Zakir yox idi. Mən elə fürsətdən istifadə edib münsiflərə təşəkkürümü bildirirəm. Layiqli bir əsərə dəyər verdilər. Burda həm mədəni həm də ədəbi dəyərə qiymət verildi”.

Təbii ki, Qabilin də müstəsna rolu oldu. Vüsalə Mahirqızı böyük fədakarlıq göstərərək kitabı çap etdirib”.

Qabil Abbasoğlu: “Biz ona Zakirin öz haqqı kimi baxdıq. Heç bir şey barədə düşünmədik”.

Anar Niftəliyev: “Zakir Sadatlı elə bir adam idi ki, o Əziz Alpoudun kitabına pul qoyardı, necə ki qoydu amma öz kitabına pul qoymazdı. Mənim kitabımı buraxardı amma öz kitabını saxlayardı”.

Elbrus Ərud: “Ən bariz nümunəsi, bəlkə də o söz Nobelə düşə bilər. Qaçqınlar evinə girmişdi, gəlib həmin evi onlardan təzədən pulla almışdı”.

Zöhrab Əmirxanlı: “Mən Zakirin bir misrasın Vətənin (mərhumun oğlu – red.) əmilərində görmədim. Sizə bir başqa tərəfin də danışım. Zəngləşirdik, görüşürdük, deyirdim bəlkə bir az vuraq. Deyirdi, hə, vuraq. Nə isə dururduq. Deyirdim ki, gedək səni yola salım. Yolda deyirdi ki, bəlkə bir kafeyə girək. Deyirdim ki, yaxşı girək. Girən kimi: “Qağa, biz yemək-zad yeməyəcəyik, hərəmizə “yüz-yüz”. Biz o “yüzü” vururduq. Yenə yola düşürdük. Bir 50 metr gələndən sonra deyirdi buralarda pivəxana yoxdur. Nə isə pivəxanaya girirdik. Adam var ki, yüz qramdan sonra özü açarını itirirdi. Amma Zakirdə isə içəndən sonra söhbət daha da şirinləşirdi. Bu adamda verim tərəfinin qəti problemi yox idi. Bu adamın əl tutmaqdan ötrü ürəyi gedirdi”.

Qabil Abbasoğlu: “İçki adamın mahiyyətini göstərir. Kimin əsası nədirsə, onu üzə çıxarır. Pissənsə pis göstərir, yaxşısansa yaxşı”.

Elbrus Ərud: “Deyəsən, Fidanın (mərhumun qızı – red.) toyunun səhəri günü mənə zəng etdi. Bilirdi ki, böyük problemlərim, maddi sıxıntım var. Danışdıq, birdən dedi ki, axşam gəl bizə, toydan qalan pul var götür. Gülə-gülə dedim ki, get işinlə məşğul ol, səndən pul istəyən var? Dedi ki, yox, qoy heç olmasa nəsə bir kömək olsun da”.

Anar Niftəliyev: “Zakirlə dostluğumuz 96-97-ci illərə gedib çıxır. Mən onda “Xalq qəzeti”nin publisistika şöbəsində işləyirdim. Bizdə birinci müavin Məmməd Nazimoğlu idi. Çağırdı dedi ki, AzTV-dən bir yazı gəlib, çox uzundur, apar bir səhifə həcmində düzəlt gətir. Üzümü turşutdum. Dedi ki, əvvəl bax, sonra gələrsən, söhbət edərik. Getdim oxudum. Son dərəcə gözəl bir yazı idi. Üstündə nida qoydum ki, heç nəyi çıxmaq olmaz. Dedim ki, mən bu şəxslə tanış olmaq istəyirəm. Beləliklə, 2-3 ay onu axtarmışam. Bir gün elə işdə oturmuşdum. Qulu Ağsəs zəng etdi. Dedi, təcili gəl “Baksovetə”, çoxdan axtardığın burdadır. Dərhal soruşdum ki, Zakir Sadatlı? Dedi, hə. Dayanmadan dəstəyi yerə qoyub qaçdım ora. Dostluğumuzun bünövrəsi orda qoyuldu. İlk görüşümüzdə köhnənin tanışları kimi qucaqlaşıb görüşmüşük. Həm o məni, həm də mən onu oxuyurdum və bir-birimizi qiyabi də olsa tanıyırdıq. Onun müraciət forması “qağa” idi. Hamıya qağa deyirdi. Biz də öz aramızda “qağa” deyəndə bilirdik ki, artıq söhbət Zakirdən gedir. Bizim subay olan vaxtlarımız idi. Oturub yeyib-içəndən sonra Zakir deyirdi, “cibindəki pulun çıxartmayan kişi döyül.” Mütləq hamımız pulumuzu çıxarırdıq. Çıxaranda hamımızın pulunun üstünə nəsə qoyurdu və gülə-gülə deyirdi: “Qardaş, yedik, içdik indi çıxıb gedirik evimizə. Bəlkə birinin qatığın vurub dağıtdın. Səni bir “şirvana” görə polis bölməsinə aparsınlar biabır olaq? Çox qəribə xasiyyəti var idi. Subaylıq idi də. Hərdən imkanımız olurdu , hərdən olmurdu. O saat hiss edirdi. Cibindəkilərin çıxarıb özünə 1 “şirvan “ ayırandan sonra qalan pulların bizlərlə bölüşürdü”.

Zərəngiz Sadatlı: “Subayları, nisbətən yaşı az uşaqları öz balası bilirdi. Məsələn, elə bilirdi ki, Anar onun balaca bir uşağıdır. Elbrus bir dəfə bizə gəlmişdi. Yemək yeməyib getdi. Elbrus gedəndən sonra o çox gileyləndi: “O uşaq bu vaxtı gedəcək, subaydır, ac qalacaq. Siz niyə ona yemək qoymamısız?”

Elbrus Ərud: “Hə, 2005-ci ildə... Düzdü, ölürdüm acından (gülür). Az qala sizə köçürdüm. Məcbur edirdi ki, gəl bizə”.

Anar Niftəliyev: “Çox təkid edirdi. Deyirdi ki, eybi yox məni görmək istəmirsinizsə hasarı hündür edərik görməzsiz, ancaq gəlin biriniz yaşayın orda. Bilim ki, yanımda kimsə var”.

Zöhrab Əmirxanlı: “Qulu Ağsasə, mənə az qala yalvarırdı ki, həyəti tən ortadan yarıdan bölürəm gəlin orda qalın. Pul söhbətini ağlınıza da gətirməyin, sadəcə istəyirəm ki, mənim qonşum tərbiyəli-abırlı biri olsun”.

Elbrus Ərud: “Mənə dedi ki, biz aşağıda qalarıq sən gəl yuxarıda yaşa. Mən də qəti qərara gəlmişdim. Qulu mənə dedi ki, getmə, getsən ömrü boyu ev-eşik sahibi olmayacaqsan (hamısı gülür). Mənim gözümün qabağında həyəti 3-4 dəfə bölüb: “Hə, deməli, burdan-bura sənin, ordan darvaza qoyarsan...” Nə bilim, o adam dəhşət idi...

AzTV-dəki işi və...

Anar Niftəliyev: “AYB-nin keçirtdiyi müsabiqəyə də əsərin vermişdi. Amma onu da mən etmişəm. Zakirin heç xəbəri olmayıb. Getmişəm Şahbaz Xuduoğlundan iqnal nüsxəni götürmüşəm və aparıb ora vermişəm. Onda da məndən yaman incimişdi. Kamal Abdulla istefa verəndən sonra o, əsərin götürmək istəyirdi. Amma dedim ki, qalsın. Çünki münsiflərdə Səlim Babullaoğlu, Salam Sarvan kimi ciddi, obyektiv adamlar var idi. Amma o əsərin geri götürdü. Dedi ki, yox artıq orda söz-sov başlayıb. Mənə elə gəlir ki, Zakir rəhmətə getməsəydi və MKM-də də o cür söz-söhbət olsaydı, o əsərin mütləq geri çəkərdi. Bu onun xarakteri idi. Dedi ki, orda söz-sov başlayıb. Adımızı hallandırmasınlar, kitabı geri al. Elə həmin gün müsabiqədən imtina üçün ərizəni yazıb göndərim Elbrusa və saytda işıqlandı”.

Elbrus Ərud: “Bir dəfə AzTV-də işləyən uşaqlardan biri ilə danışırdım. Bizdə də ictimai rəydə belə bir fikir var: “AzTV şüuru”, “AzTV düşüncəsi”... Mən bir dəfə orda işləyənlərin biri ilə danışırdım. O qədər lağa qoydum ki onu... 20-30 il idi ki, AzTV-də işləyirdi. Axırda qayıtdı dedi ki, nə demək istəyirsən? Dedim ki, normal adam AzTV-də işləməz. Qayıtdı dedi ki bəs Zakir? Özün demir ha, anormallığı ilə razılaşır, amma Zakirin adını çəkir”.

Elbrus Ərud: Maraqlı bir detal deyəcəm. O vaxt AzTV-də Nizami Xudiyevdən sonra kütləvi istefalar gedirdi. Getmək istəyənlərdən, danışmaq istəyənlərdən, sözü olan adamlardan biri də Zakir Sadatlı idi. Mən hər gün onda yazırdım ki, “filankəs getdi AzTV-dən”, yəni xəbər axtarırdım. Zakirlə də telefonda danışırdım. Deyirdim ki, sən də bir söz de, açıqlama ver. Deyirdi, “ə, nolar qoy bu gün getsin, sabah verərəm.” Deyirdim ki, yaxşı. Sabahı gün yenə danışmadı. Dedim, a kişi, səni ordan çıxarırlar haqqını tələb et, danış. O axıradək AzTV-nin əleyhinə bir dənə də olsun cümlə demədi.

Anar Niftəliyev: “Bir söz deyim onu mütləq qeyd etmək lazımdı. Zakir həm də 1918-20-ci illər dövrünün ən güclü araşdırmaçılarından biri idi. Zakir o dövrü detallarla, faktlarla əzbər bilirdi. Fətəli xan Xosykini çox sevirdi. Deyirdi, ə, bizim kişilərimiz olub ee, onları siz tanımırsız. Bir dəfə də gecə vaxtı zəng vurub mənə Nəsib bəy Yusifbəylinin atasına məktubunu oxudu. Çox təsirli və dəhşətli bir məktub idi. Nəsib bəy ölkənin baş naziri idi. Amma o atasına yazırdı: “Mən əmək haqqımdan artırıb sənə pul göndərə bilmirəm ki, sən bağımızın yıxılan hasarını düzəldəsən. Yayda məzuniyyətə çıxım, Gəncəyə gəlim onda ata-bala köməkləşib hasarı düzəldərik. Bu məktub onun əlinə keçmişdi. Deyirdi, gör nə boyda kişilər olub. O heç vaxt eşitdiyini deməzdi. Mütləq əlinin altında hansısa bir fakt varsa ona söykənib deyərdi”.

Qabil Abbasoğlu: “O, həqiqətən də həssas bir insan idi. Həm sözə həm insanlara. Hətta tanımadığı adamlara qarşı da həssas idi. Bir dəfə xəstəliyinin ağır vaxtında bizim işə gəlmişdi. Ötürdüm onu. Düşəndə aşağıda nəsə toplayan qoca bir qarını gördü. Dedi ki, dayan bir siqaret çəkək. Nəsə çox pis oldu. Maşına minəndə də dedi ki, mən o arvadı yaddan çıxara bilmirəm. Ən böyük kədər onun üçün insanın kədəri idi. Onun barədə danışdıqlarımız düşündüklərimizin mində bir hissədir. Mən hələ öyrətdiklərini demirəm. O bütün haqqını əllərinə, gözlərinə, simasına yığıb gedən bir adamdı”.

Elbrus Ərud: “Bu dünyada olanlardan heç kim deyə bilməz ki, mənim Zakirdə nəyimsə qaldı. Hamı deyə bilər ki, Zakir bizə nəsə verdi getdi”.

Elmin Nuri
http://modern.az