News
08.06.2013
“Ədəbiyyat Şəbəkəsi” layihəsi çərçivəsində kitab çap olundu
Azərbaycanın bölgələrində kitabın və ədəbiyyatın inkişafı naminə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Ədəbiyyat Şəbəkəsi” layihəsi çərçivəsində Xaçmazda yaşayan gənc yazar Sərdar Aminin kitabı çap olundu. Bu layihə çərçivəsində Quba və Xaçmazda kitab müzakirəsi də keçiriləcək.

Müzakirə RTV-nin “Yeni səhifə” ədəbi verilişinin “Kitab klubu” rubrikasında efirə gedəcək.

Müəllif barədə: Sərdar Amin (Tağıyev) 1988-ci ildə Qubada doğulub. Qusarın Aşağı Ləgər kəndində yaşayır. Quba Dövlət Sosial-İqtisadi Kollecini bitirib. Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakultəsində təhsil alıb. Televiziyada çalışır. “Qaratoyuq nəğməsi” müəllifin ilk kitabıdır.
Kitab haqqında: Atəşin necə açıldığını da görürdüm. Gül kimi açılırdı, ancaq sürətlə. Ermənilər hələ ki bizə yox, göyə atəş açırdılar. Kəndin kənarında durub 20 illik atəşkəsdən sonra kiçik bəhanə gözləyirdilər. Silahları bizimkindən qat-qat çox idi. Evlərə daldalanıb döyüşə hazırlaşırdıq. Atəş açmırdıq. Sonra bəhanə tapdılar. Bir hərbçi əlində balaban üstümüzə gəldi. Yaxınlıqdakı kötüyün üstündə oturub “Sarı gəlin”i çalmağa başladı. Yaxşı da çalırdı. Hər iki tərəf düşünürdü ki, biz onu öldürməliyik. Balabançının nəfəsində həyəcan duyulurdu. Yanımdakılardan biri söyüş söyə-söyə silahı üst ayağa gətirdi. Mənimsə belə bəhanəyə görə ölməyə heyfim gəldi. Tez aşkara çıxdım. İrəli getdim. Mahnı bitən kimi var gücümlə əl çalmağa başladım. Əlim avtomat kimi şaqqıldayırdı. Dişimi dişimə sıxıb əl çalmağa davam etdim. Hər iki tərəf çaşqın-çaşqın mənə baxırdı. Balabançı ölmədiyinə görə məni, dərinliyində gizli minnətdarlıq sezilən məsum baxışlarla süzdü. Sonra balabanını sallayıb getdi. Bütün ermənilər də ona qoşulub deyinə-deyinə geri qayıtdılar. Arxamdan ana söyüşü eşidilirdi. Deyəsən, məni söyürdülər.



Layihənin rəhbəri Nigar Köçərli, “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və layihənin fəal iştirakçıları Xanım Əliyeva, Məlahət Ədilova, İbrahim Əhmədov və digərləri

“Ədəbiyyat Şəbəkəsi” layihəsi Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən layihədir. Layihənin əsas məqsədləri:
1. Bölgələrdə yaşayan gənclərinin kitaba həvəsini artırmaq
2. Kitabı, ədəbiyyatı ictimayyələşdirmək və aktuallaşdırmaq
3. Bölgələrdə yaşayan gənc kitabsevərlər arasında şəbəkələşmə yaratmaqdır.
Bunun üçün layihə çərçəvəsində 6 ay ərzində Azərbaycanın 11 bölgəsində kitab müzakirələri təşkil olunacaq, kitabsevərlərə kitab pulsuz paylanacaq, yazıçıların imza günləri təşkil olunacaq, flashmoblar keçiriləcək.


Xaçmaz:
serdar-tagiyev@mail.ru
Tel: 070 258 78 88
050 291 78 98

Bakı:
Info@alinino.az
Tel: 012 4930412

(facebook.com/pages/Yeni-sehife/187424894706076?fref=ts )
(http://www.facebook.com/groups/bookclub.alinino/?fref=ts